5.06.2016

Təqlid etməyin sübutu .


Təqlid etməyin sübutu .  “Təqlid” sözünün mənası savadsız bir şəxsin alim bir şəxsə, qeyri-mütəxəssisin mütəxəssisə tabe olmasıdır. Bu, insanın fitrət və əqlinin təsdiqlədiyi bir məsələdir. Bundan əlavə, həmin məsələ Quran və Əhli-beyt (ə) hədislərində də öz təsdiqini tapmışdır. Bu səbəbdən, insanın Allahın buyurduğu yolda (istər maddi, istərsə də mənəvi sahədə) addımlaması üçün özü ya alim və mütəxəssis olmalı, ya da o yolu yaxşı tanıyan bir bələdçinin dediklərinə tabe olmalıdır ki, rəftar və əməlləri ilahi mərifət və göstərişlərə uyğun olsun. İmam Sadiq (ə) buyurmuşdur: “Kim işlərdə agahlığı olmadan hərəkət etsə, yolunu azmış şəxs kimidir. Onun hərəkət və fəaliyyətlərindəki sürətlilik hədəfdən uzaqlaşmasından başqa, bir şey deyil.” (Vəsailuş-şiə, c.27, səh.24, “qəza” bölməsi, bölmə 4, hədis 11) Diqqəti cəlb edən məsələ mutəxəssis olmayan şəxsin ehtiyac duyduğu sahədə alim və mutəxəssisə müraciət etməsilə onun azadlıqının məhdudlaşdırılmamasıdır, əksinə bu, elə azadlığın özüdür. Nəticədə, çətin yol asanlaşır və uzaq yol yaxınlaşdırılır. Burada kor-koranə təqliddən söhbət gedə bilməz. Çünki biz hansısa bir sahədə savadlı və etibarlı bir şəxsi tapmadan onun sözlərinə etimad edə bilmərik. İnsan təqlidi öz dünya görüşü və agahlığı üçün seçməli və bu yolla haqqın nuru və səadətə çatmaq ardınca olmalıdır.Həqiqətdə, hansısa bir mütəxəssisin qarşısına bilmədiyi bir məsələ çıxdıqda, özü də digər bir mütəxəssisə müraciət edir. Məsələn, ürək həkiminin gözləri ağrıdıqda, göz həkiminə, yaxud məhşur yazıçı və neçə kitabın müəllifi ev tikdirmək istədikdə, mühəndisə müraciət edir və sair. Bu, onun azadlıq və rifahını əlindən almır. Əksinə, bu həmin şəxsin işlərinin etibarlı olması üçün bir sığortadır. Əql insanın qısa bir müddətə bu qədər elmə yiyələnməsini asanlıqla qəbul etmir. Kiminsə bir neçə elmə sahib olması mümkündür, amma bu, yenə də onun bütün elmlərə yiyələnməsi demək deyil.Məsumlardan (ə) başqa, heç kim bütün dini və dünyəvi elmləri kamil şəkildə mənimsəməmişdir. Məsələn, İmam Sadiq (ə) Aban ibn Təğlibə belə buyurur: “Mədinədə (yəni, Məscidun-nəbidə) otur və camaata (şəri məsələlərdə) fətva ver.” İmam(ə) heç vaxt bu sözü Hişam ibn Həkəmə deməmişdir, çünki Hişam fəlsəfə və hikmət elmi ilə bağlı camaatın suallarına cavab verirdi. Bu kimi misalların sayını artırmaq olar. Ancaq oxucuları nəzərə alaraq qısa şəkildə çatdırmaqla kifayətlənirik. İslam alim və fəqihləri də İslam fiqhində təqlidi caiz və məqbul hesab edir və bu barədə bir neçə dəlil və sübut gətirirlər. 1-ci dəlil: Qurani-Kərimdə təqlidin caiz və düzgün olması barədə ayələr vardır. O cümlədən, “Tövbə” surəsinin 122-ci ayəsində Allah-taala buyurur: ”Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elmi mərkəzlərə) köç etmək yaraşmaz (və bu mümkün də deyil). Buna görə də, nə üçün onların arasından (kiçik) bir dəstəsi (az saylı qrupu) elmi təhsil almaq üçün hicrət etmirlər ki, öz qövmlərinin yanına qayıtdıqda onları (ilahi əzab və sair məsələlərdə) qorxutsunlar? Ola bilsin ki, onlar (bu yolla batində və əməldə pis işlərdən) çəkinələr.” Bu ayədən belə başa düşülür ki, bir nəfər şəxs ilahi bir elmə yiyələnmək üçün illərlə zəhmət çəkərək İslam dininin fiqh və şəriət hökmlərini öyrənib bu sahədə mütəxəssis olarsa, bilməyənlərin onun dediklərinə qulaq asıb əməl etməsi vacib olur. 2-ci dəlil: Məsumlardan bizə çatan hədis və kəlamlara əsasən təqlid etmək olar. İshaq ibn Yaqub imamların birindən (ə) belə nəql edir: ”Qarşınıza sizi düşündürən məsələlər çıxdıqda, bizim hədisləri sizə bəyan edib aydınlaşdıran şəxslərə müraciət edin.”(Vəsailuş-şiə, c.28, səh.14, hədis 9) Burada hədisləri “bəyan edib aydınlaşdıran şəxs” dedikdə, söhbət hədisi dəqiq bilən və onu camaata düzgün şəkildə çatdıran alim və fəqihdən gedir. Çünki Quran ayələrinin təfsir və müxtəlif mənalara yozumu olduğu kimi hədislərin də dərin və batini mənaları vardır. Digər tərəfdən, hədislərin ravilərini tanımaq, onların zəif və ya qondarma olub-olmamasını bilmək fəqih bir şəxs üçün vacib bir məsələdir. Quran və rəvayətlərdə tənqid olunan kor-koranə təqlidin aşkar şəkildə pisləndiyi məlumdur. Belə ki, bütpərəstlər və yəhudilərin bilmədən və ya qəsdən yolunu azmış kəslərin arxasınca düşüb getməsi məzəmmət olunaraq pislənilir. Tarixə nəzər saldıqda, onların sırf dəlilsiz və adət-ənənələrə görə təqlid etməsi məlum olur.(“Tövbə” surəsi, ayə 31,78) İmam Sadiq (ə) bu ayələrdə yəhudilərin qınanmasını belə izah edir: ”Yəhudilər öz alimlərinin Allahın hökmlərini öz istək və meyillərinə görə təhrif edib dəyişdirdiyini bildikləri halda, yenə də onlara təqlid edirdilər. Əgər müsəlmanlar da belə etsələr, onlar da məzəmmət olunarlar. Bizim ümmətimizin hər bir fəqihi əgər özünü pis işlərdən qoruyaraq dinini hifz edə bilsə, nəfsi istəklərinə tabe olmasa, öz ixtiyar sahibinin (Allah və Onun göndərdiyi peyğəmbər (s) və Əhli-beytin (ə) əmrlərinə itaət etsə, ümmətə (müsəlmanlara) ona təqlid etmək vacibdir.” (Hürr Amuli, “Vəsailuş-şiə”, c.18, səh.94) 3-cü dəlil: Fitri (insanın batini ilə bağlı olan) dəlil; Mərhum Axund Xorasani təqlidin insan fitrəti ilə uyğun olması barədə belə buyurur: “Təqlid sözünün mənası cahil bir insanın alim dediklərini qəbul etməsidir. Bu, insanın fitrətindən doğan bir hisdir ki, onu sübutu üçün heç bir dəlilə ehtiyacı yoxdur.” 4-cü dəlil: Əqli dəlil. Təqlid etməyin sonuncu dəlili əqldir və o, insanı bu məsələdə düşündürə bilən vasitədir. Şeyx Məhəmməd Hüseyn İsfahani bu məsələyə belə aydınlıq gətirir: ”İnsan varlıq aləminin yaradanına iman gətirdikdən və peyğəmbərlərini (ə) qəbul etdikdən sonra, başa düşür ki, insan faydasız yerə yaradılmayıb. İlahi hökmlərə itaət etməyin vacib, boyun qaçırmağın isə bəndəlikdən çıxmaq olduğunu əqli ilə başa düşür. İlahi hökmlərə itaət elm və fiqhi maarifi öyrənməklə əldə edlir. Bu elm ya məsumlardan (ə) eşitmək, ya ictihad, ya da təqlid yolu ilə mümkündür. Birinci yol (yəni, məsumlardan eşitmək) 12-ci İmamın (ə) böyük qeybət dövründən sonra bağlanıb. İkinci yol (fiqhi maarifi əldə etmək) hər kəsə qismət olmur. Bu vaxt insan əqli, təqlid etməyi ona vacib bilir. (Əl-Buhus fil-usul, ictihad və təqlid bəhsi) Bizə təqlidin vacib olması sübut olunduqdan sonra, kimə təqlid etməli olduğumuzu bilməliyik? Həmin şəxs hansı xüsusiyyətlərə malik olmalıdır? Mərcei-təqlid (müctehid) şiə məzhəbində və aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: 1. Ələmiyyət (dini elmlərdə digər alimlərdən daha elmli olmalıdır). 2. Ədalətli olmaq. 3. Həyatda (diri) olmaq. 4. Təqvalı və günahlardan uzaq olmaq və s. Əgər bu şərtlərdən biri onda olmasa, ona təqlid etmək caiz deyil. Onu da qeyd edək ki, təqlid Füruid-dində (dinin fərdi məsələlərində) lazımdır. Çünki təqlid edilən bir fəqih özü bu məsələləri Quran və Əhli-beytin (ə) hədislərindən əldə edir. Əgər Quran və hədislərdən çıxarış edə bilməsə, icmanın (məsumların (ə) səhabələrinin) həmin məsələdə həmfikir olduqları və birgə əməl etdikləri hökmlərdən əldə edir. Ancaq Üsulid-dində (dinin təməli və ümumi hökmlərində) təqlid heç bir şəxsə caiz deyil. Çünki bu etiqad məsələsidir. Qurani-Kərim üsulud-dində təqlid edənləri “Zuxruf” surəsinin 23-cü ayəsində məzəmmət edərək qınayır.

Hiç yorum yok: