9.05.2016
Mövlud keçirməyi bidət bilən vəhhabilərə cavab!!
Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən, onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq, bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şəriət baxımından icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:
1. Bu kimi mərasimlərin keçirilməsi onlara məhəbbət izhar etmək üçündür.Quran Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beyti ilə dostluq göstərib onlara məhəbbət bəsləməyi müsəlmanlara əmr edib buyurur:
ﻗُﻞ ﻟَّﺎ ﺍَﺳْﺎَﻟُﻜُﻢْ ﻋَﻠَﻴْﻪِ ﺍَﺟْﺮًﺍ ﺍِﻟَّﺎ ﺍﻟْﻤَﻮَﺩَّﺓَ ﻓِﻲ ﺍﻟْﻘُﺮْﺑَﻲ
“(Ey Peyğəmbər!) De: Mən sizdən ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.Şübhəsiz, ilahi övliyaların təvəllüd münasibətləri ilə əlaqədar bayram keçirmək insanların onlara eşq və məhəbbətlərinin cilvəsidir ki, bu da Quran nəzərindən qəbul olunur.
2. Bu mərasimlərin keçirilməsi Peyğəmbəri-Əkrəm (s)-ə hörmət və təzimdir.Quran Peyğəmbəri-Əkrəm (s)-ə kömək etməkdən əlavə, onun məqamını yüksək dəyərləndirməyi də səadət və xoşbəxtlik amili kimi qeyd edir:
ﻓَﺎﻟَّﺬِﻳﻦَ ﺁﻣَﻨُﻮﺍْ ﺑِﻪِ ﻭَﻋَﺰَّﺭُﻭﻩُ ﻭَﻧَﺼَﺮُﻭﻩُ ﻭَﺍﺗَّﺒَﻌُﻮﺍْ ﺍﻟﻨُّﻮﺭَ ﺍﻟَّﺬِﻱَ ﺍُﻧﺰِﻝَ ﻣَﻌَﻪُ ﺍُﻭْﻟَﺌِﻚَ ﻫُﻢُ ﺍﻟْﻤُﻔْﻠِﺤُﻮﻥَ
“O kəslər ki, Peyğəmbərə iman gətirib onu əzizlədilər və ona kömək etdilər, ona göndərdiyimiz nura itaət etdilər, məhz onlar nicat tapanlardır.
Bu ayədən aydın olur ki, Peyğəmbəri-Əkrəm (s)-i əzizləmək İslam nəzərindən bəyənilən bir işdir, eləcə də onun əziz xatirəsini canlandıran mərasimlərin, o həzrətin yüksək məqamını xatırladan mərasimlərin keçirilməsi də Allahın razı olduğu işlərdir. Çünki bu ayədə nicat tapanlar üçün dörd sifət bəyan edilmişdir:
a) İman: “əlləzinə amənu bihi” – yəni o kəslər ki, ona iman gətirmişlər.
b) Onun nuruna itaət: “vəttəbəun-nurəlləzi unzilə məəhum” – ona nazil olunan nura itaət edərlər.
c) Ona kömək etmək: “və nəsəruhu” – ona kömək etdilər.
ç) Peyğəmbər (s)-in məqamına təzim etmək və ehtiram göstərmək: “və əzzəruhu” – onu əzizlədilər.
Deməli, Peyğəmbəri-Əkrəm (s)-ə ehtiram və ona təzim etmək – ona iman gətirib kömək etmək və göstərişlərinə əməl etməkdən əlavə – zəruri bir işdir və Peyğəmbər (s)-i əzizləmək “vəəzzəruhu” ifadəsinə əməl etməkdir.
3. Bu kimi mərasimlərin keçirilməsi Allah-taalaya tabe olmaqdır:
Allah-taala Peyğəmbər (s)-i tərifləyərək buyurur:
ﻭَ ﺭَﻓَﻌْﻨَﺎ ﻟَﻚَ ﺫِﻛْﺮَﻙَ
“Sənin adını dünyada yüksəltdik.
Bu şərif ayədən məlum olur ki, Allah-taala Peyğəmbər (s)-in əzəmət və cəlalının bütün dünyada yayılmasını istəyir və Özü də Quran ayələrində onu tərifləyir.Biz də öz asimani kitabımıza tabe olaraq böyük, əzəmətli mərasimlər təşkil etməklə kamal və fəzilət nümunəsi olan o böyük şəxsiyyətin məqamını əzizləyir və bu yolla da aləmlərin Pərvərdigarına tabe olmuş oluruq. Aydındır ki, bu mərasimləri keçirməkdə müsəlmanların əsas hədəfi Peyğəmbəri-Əkrəm (s)-in şənini yüksək tutmaqdan başqa bir şey deyildir.
4. Vəhyin nazil olması süfrənin nazil olmasından heç də az deyil:
Qurani-Məcid ilahi peyğəmbər olan İsanın dilindən belə hekayət edir:
ﻗَﺎﻝَ ﻋِﻴﺴَﻲ ﺍﺑْﻦُ ﻣَﺮْﻳَﻢَ ﺍﻟﻠَّﻬُﻢَّ ﺭَﺑَّﻨَﺎ ﺍَﻧﺰِﻝْ ﻋَﻠَﻴْﻨَﺎ ﻣَﺂﺋِﺪَﺓً ﻣِﻦَ ﺍﻟﺴَّﻤَﺎﺀِ ﺗَﻜُﻮﻥُ ﻟَﻨَﺎ ﻋِﻴﺪﺍً ﻟِّﺎَﻭَّﻟِﻨَﺎ ﻭَﺁﺧِﺮِﻧَﺎ ﻭَﺁﻳَﺔً ﻣِّﻨﻚَ ﻭَﺍﺭْﺯُﻗْﻨَﺎ ﻭَﺍَﻧﺖَ ﺧَﻴْﺮُ ﺍﻟﺮَّﺍﺯِﻗِﻴﻦَ
“İsa ibn Məryəm dedi: Pərvərdigara, ey bizim Rəbbimiz, bizə asimandan bir süfrə göndər ki, bizim hamımız üçün bayram, Sənin tərəfindən bir nişanə olsun, bizə ruzi ver, çünki sən ruzi verənlərin ən yaxşısısan.”4
Həzrəti İsa (ə) Allahdan istəyir ki, onlara asimani bir süfrə nazil etsin və onun nazil olma gününü bayram keçirsinlər.Biz soruşuruq: Əziz bir ilahi peyğəmbər asimani süfrə olan, insanın sadəcə cismi cəhətdən ləzzət almasına səbəb olan bir ruzinin nazil olmasını bayram keçirirsə (və bu iş şirk və bidət sayılmırsa) dünya müsəlmanlarının ilahi vəhy nazil olmasını, bütün insanların xilaskarı və bəşər cəmiyyətinə yeni həyat verən bir şəxsin – Peyğəmbəri-Əkrəm (s)-in milad gününü bayram keçirməsi şirk və bidət sayılarmı?!
5. Müsəlmanların adət-ənənəsi:
İslam dini ardıcılları qədim dövrlərdən etibarən Peyğəmbəri-Əkrəm (s)-in əziz xatirəsinin dirçəldilməsi üçün təşkil etdikləri mərasimi davam etdirmişlər. Hüseyn ibn Məhəmməd Diyar Bəkri “Tarixul-Xəmis” kitabında belə yazır:
ﻭَ ﻟَﺎ ﻳَﺰَﺍﻝُ ﺍَﻫْﻞُ ﺍﻻِﺳْﻠَﺎﻡِ ﻳَﺤْﺘَﻔِﻠُﻮﻥَ ﺑِﺸَﻬْﺮِ ﻣَﻮْﻟُﻮﺩِﻩِ ﻋَﻠَﻴْﻪِ ﺍﻟﺴَّﻠَﺎﻡُ ﻭَ ﻳَﻌْﻤَﻠُﻮﻥَ ﺍﻟْﻮَﻟَﺎﺋِﻢَ ﻭَ ﻳَﺘَﺼَﺪَّﻗُﻮﻥَ ﻓِﻲ ﻟَﻴَﺎﻟِﻴﻪِ ﺑِﺎَﻧْﻮَﺍﻉِ ﺍﻟﺼَّﺪَﻗَﺎﺕِ ﻭَ ﻳُﻈْﻬِﺮُﻭﻥَ ﺍﻟﺴُّﺮُﻭﺭَ ﻭَ ﻳَﺰِﻳﺪُﻭﻥَ ﻓِﻲ ﺍﻟْﻤَﺒَﺮَّﺍﺕِ ﻭَ ﻳَﻌْﺘَﻨُﻮﻥَ ﺑِﻘِﺮَﺍﺋَﺔِ ﻣَﻮْﻟِﺪِﻩِ ﺍﻟْﻜَﺮِﻳﻢِ ﻭَ ﻳﻄْﻬﺮ ﻋَﻠَﻴْﻬِﻢْ ﻣِﻦْ ﺑَﺮَﻛَﺎﺗِﻪِ ﻛُﻞَّ ﻓَﻀْﻞٍ ﻋَﻤِﻴﻢٍ
“Dünya müsəlmanları tarix boyu Peyğəmbəri-Əkrəm (s)-in doğum ayında bayram keçirir, bu ayın gecələrində ehsan və sədəqə verir, şadlıq keçirir, müxtəlif yaxşılıqlar edir, onun təvəllüd münasibətilə şeir oxuyurlar, bu işlərlə onun hərtərəfli rəhmət və bərəkəti hamıya aşkar olur.Deməli, Quran və müsəlmanların adət-ənənəsindən ilahi övliyaların əziz xatirələrini dirçəltmək üçün keçirilən mərasimlərin caiz və layiqli bir iş olması barəsində ümumi bir hökm əldə olunur. Beləliklə, Allah dərgahında əziz olan şəxsiyyətlərin təvəllüdlərini bayram keçirməyi şirk və bidət hesab edənlərin sözlərinin tam əsassız olduğu aydın olur. Çünki bidət o şeydir ki, xüsusi, yaxud ümumi şəkildə, Quran və sünnədən istifadə edilmədən bir şey icazə verilmiş olsun, halbuki Quran ayələrindən, müsəlmanların əbədi adət-ənənələrindən qeyd olunan məsələnin külli hökmü əldə olundu. Həmçinin bu mərasimlər yalnız Allahın layiqli bəndələrinə ehtiram göstərmək, eləcə də onların Allahın bəndələri və Allaha ehtiyaclı olmalarına etiqad bəsləməklə keçirilir. Deməli, qeyd olunan əməl tovhid və yeganəpərəstliklə tamamilə uyğundur və ilahi övliyaların təvəllüdləri ilə əlaqədar bayram mərasimi keçirməyin şirk olduğunu deyənlərin sözləri tam əsassızdır. Buda yuxaruda qeyd etdiyim ayələrin sənətləri.
1. “Şura” surəsi, ayə: 23.
2. “Əraf” surəsi, ayə: 157.
3. “İnşirah” surəsi, ayə: 4.
4. “Maidə” surəsi, ayə: 114.
5. “Tarixul-xəmis”, Hüseyn ibn Məhəmməd ibn Həsən Diyar Bəkri, Beyrut çapı, 1-ci cild, səh.223.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder