Təqlid etmək vacibdirmi?
Biz mərhum Feyzin "Səfinə” kitabının 70-ci səhifəsindən bir neçə xəbəri (hədisi) höccəti tamamlamaq üçün nümunə olaraq göstərmək istəyirik. O, həmin xəbərləri "Kafi” kitabından və şiənin digər mötəbər kitablarından toplamışdır.
1. Əmirilmöminin Əli əleyhissəlam buyurmuşdur: "Ey bizə dost olduğunu iddia edən bizim şiələrimiz (tərəfdarlarımız), əshabi-rəydən (öz rəylərilə hərəkət edənlərdən) uzaq olun! Çünki onlar sünnələrin düşmənləridirlər”.
2. "Nəhcülbəlağə”nin 50-ci xütbəsində buyurur: "Həqiqətən, fitnələrin meydana çıxmasının başlaması tabe olunan həvavü həvəslər və yeni ortaya çıxarılmış hökmlərdir. ...”
3. İmam Baqir buyurmuşdur: "Kim xalqa öz rəyilə fitva verərsə, Allaha bilmədiyi bir şey vasitəsilə tabe olmuşdur. Kim bilmədiyi bir şey vasitəsilə tabe olarsa, Allaha qarşı zidd hərəkət etmişdir”.
4. İmam Sadiq buyurmuşdur: "Kim Allaha rəylə tabe olarsa (yəni öz rəyinə əsasən dindarlıq edərsə), həmişə zəlalətdə olar”.
5. İmam Mühəmmədbaqir buyurmuşdur: "Biz öz rəyimizlə danışsaydıq, bizdən əvvəlkilər azdığı kimi, biz də yolumuzu azardıq”.
Əziz oxucu, bu hədisə uyğun olaraq İmam Mühəmmədbaqirin rəyinin caiz olmadığı bir yerdə digər alimlərin rəyinin azğınlıq olması daha münasibdir.
6. İmam Cəfər Sadiq buyurmuşdur: "Səni iki xislətdən çəkindirirəm. Bu iki xislətdə insanların həlak olması vardır. Səni Allaha batil bir şeylə itaət etməkdən və xalqa bilmədiyin bir şeylə fitva verməkdən çəkindirirəm”.
7. İmam Musa ibn Cəfər buyurmuşdur: "Kim öz rəyilə fikir bildirərsə, məhv olar. Kim Allahın Kitabını və Onun Peyğəmbərinin sözünü tərk edərsə, kafir olar!”
8. İmam Cəfər Sadiq buyurmuşdur: "Hər bir müfti öz fitvasına zamindir”.
9. İmam Cəfər Sadiq buyurmuşdur: "Biz Allahın hüzurunda dayandıqda "Ey Rəbbim, Sənin Kitabından əxz etdik”, – deyəcəyik. İnsanlar isə: "Rəyimiz, rəyimiz”, – deyəcəklər”.
10. "Tövbə” surəsinin 31-ci ayəsində buyurulur: "Onlar Allahı qoyub əhbarlarını (yəhudi din alimləri) və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə rəbblər etdilər. Halbuki onlara ancaq bir olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa, heç bir İlah yoxdur. Allah onların qoşduqları şirkdən (onların bütləşdirdikləri hər şeydən) uzaqdır!”
İmam Cəfər Sadiqdən bu ayənin mənası haqqında soruşulduqda İmam belə cavab verdi: "And olsun Allaha, əhbarlar və rahiblər yəhudiləri və xristianları özlərinə ibadət etməyə çağırmırdılar və əgər çağırsaydılar da belə, yəhudilər və xristianlar bunu heç vaxt qəbul etməzdilər. Lakin əhbar və rahiblər onlar üçün bəzi haramları halal və halalları haram hesab etdilər, onlar da bunu bu cür qəbul etdilər. Nəticədə yəhudilər və xristianlar özləri də diqqət etmədən belə, əhbar və rahiblərin özlərinə ibadət etdilər”.
Bizim zamanımızda bir qrup ortodokslar oyanmışlar. Onlar artıq öz keşişlərinə və alimlərinə təqlid etmək istəmirlər. Belə insanlar keşişlərin xurafatına qarşı qiyam etmişlər. Onlar deyirlər ki, biz Allahı, İncili və Həzrət Məsihi qəbul edirik, lakin keşişə ehtiyacımız yoxdur. Kaş müsəlmanlar da oyanaydılar, Allahın Kitabını qorumaq və onu öyrənmək üçün qiyam edərək cihad və döyüşlə əhkam və rəylərin, bəlkə, xurafatların yükü altından çıxa biləydilər. Özlərini bəşəri rəylərdən xilas edə biləydilər. Lakin çox təəssüflər olsun ki, İslam ümməti ilk yəhudilər və xristianlar kimi Allahın Kitabından əl çəkmiş və sənədsiz təqliddən yapışmışlar. Buna görə də Allah Əhli-Kitabın küfründən danışan yuxarıdakı ayədən sonra müsəlmanlara müraciət edib onları oyatmaq üçün buyurur: "Ey iman gətirənlər! Əhbar və rahiblərdən çoxu insanların mallarını batil bir yolla (yəni yaratdıqları batil etiqad qarşılığında) yeyir və (onları) Allah yolundan döndərirlər. ...”[1]
Bizim dövrümüzün alimləri xalqın malını zor, qəsb və oğurluqla yemirlər, əksinə bəziləri imammalı (səhmi-İmam) və digər qondarılmış şəri vergilər (pullar) adı altında xalqın malını qeyri-qanuni yolla mənimsəyirlər. İndi mən müsəlmanam, yaxud mən şiəyəm, – deyən şəxs necə olur ki, bütün bu ayələri və hədisləri görməzlikdən gəlib yenə də onun-bunun rəyinin dalınca gedir. Allahın dinini Allahın Kitabı və Rəsulun Sünnəsindən öyrənmir? Məgər bilmirsiniz ki, təqlidin heç bir qaynaqlandığı mənbə və sənədi yoxdur?
TƏQLİDİN SƏNƏDİ VARDIRMI?
Bir çox dəlillərlə sübuta yetdi ki, rəylərə təqlid etmək batil bir işdir. İndi baxaq görək ki, təqlidin vacib olduğunu iddia edənlərin əlində bir əsaslandığı sənəd vardır, ya yox? Çünki iddiaçı sənəd gətirməlidir, inkar edən yox. Biz onların öz xəyalları ilə yazdıqları sənədləri burada qeyd edirik ki, oxucu özü nəticə çıxardıb hökm verə bilsin:
1. Ravinin tövqidən[2], yəni Qeybət dövründə İmami-Zəmanın məktubundan nəql etdiyi xəbəri-vahid. Ravi İmamın özünü görməmişdir. Yalnız bir məktub görmüşdür ki, orada belə yazılmışdır: "... Meydana gələn (vüqu bulan) hadisələrə gəlincə o hadisələrdə sözlərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar sizin üzərinizdə olan höccətim, mən isə Allahın höccətiyəm. ...”[3] Bu xəbər/hədis əgər düz olarsa, yenə də təqlidə dəlalət etmir, ələlxüsus dinin hökmlərində. Çünki xəbərdə buyurulur ki, meydana gələn (vüqu bulan) hadisələrdə xəbərləri rəvayət edənlərə müraciət edin. Əvvəla, xəbərdə buyurulmur ki, bunu ancaq dinin hökmlərində axtarın. Dinin hökmləri meydana gələn (vüqu bulan) hadisələrdən hesab olunmur. Dinin hökmləri bu tövqidən (yəni bu məktubdan) əvvəl də sabit və möhkəm idi və qiyamətə qədər də sabit və möhkəm olaraq qalacaq.
İkincisi, xəbərlərin raviləri müctəhid olmamışlar. Ümumiyyətlə, hədis ravisinin müctəhid olması lazım deyil, çünki adları rical və hədis kitablarında qeyd olunan ravilərin heç biri müctəhid olmamışdır. Deməli, katibini (yazanını) heç kimin görmədiyi bu tövqinin ictihad və təqlidə heç bir aidiyyatı yoxdur.
Üçüncüsü, bu tövqidə təqlid üçün yox, təlim və təəllüm üçün ravilərə müraciət etmək əmr olunmuşdur. Əlavə olaraq onu da deyək ki, bu xəbərdə hədis raviləri höccət olaraq qərarlaşdırılmışdır. Halbuki Quranda deyilir ki, peyğəmbərlərdən sonra heç bir höccət yoxdur.
2. İmam Həsən əl-Əskərinin adına qondarılmış təfsirdə "Bəqərə” surəsinin 78-ci ayəsinin zeylində yazılmış saxta (qondarılmış) bir xəbər. Ayədə buyurulur: "Onların bəziləri də bisavaddırlar, kitabı bilməzlər. Uyduqları yalnız boş arzulardır. Onlar ancaq zənnə qapılırlar”.
Bu ayə öz səmavi kitablarından heç bir şey bilməyən, boş arzulara uyan, zənnə qapılan və bizim millətimiz kimi öz dinlərinin mətləbləri haqqında heç bir elmə malik olmayan yəhudilərin avamlarının təqlid etməsini məzəmmət edir. Deməli, bu ayə təqlidçilərə bir cavabdır və təqlid etdiklərinə görə öz səmavi kitablarından xəbərsiz olan və zənnə tabe olan şəxsləri qınayır. Bu ayənin zeylində deyilir: "Bizim avam müsəlmanlardan kim belə fəqihlərə təqlid edərsə, o da təqlid etdiklərinə görə Allahın onları məzəmmət etdiyi yəhudilər kimidir. Lakin fəqihlərdən kim özünü qoruyarsa, dinini mühafizə edərsə, nəfsinin istəklərinə qarşı çıxarsa və öz Mövlasının əmrinə itaət edərsə, avamlar ona təqlid etməlidirlər!”
Əvvəla, bu xəbər zənni rəyə (zənnə əsaslanan rəyə) təqlid etməyin məzəmmət olunmasına dəlalət edir. Deməli, hədisin başı təqlid əhlini rədd edir və bu, hədisin zeylində qeyd olunduğu həmin ayəyə uyğundur. Lakin bu hədisin zeyli (yəni davamı) ayəyə müxalifdir və təqlidə əmr edir. Zeyli (hədisin davamını) tərk etmək lazımdır, çünki ordakı fikirlər ayəyə ziddir.
İkincisi, bu xəbərin qeyd olunduğu təfsir qondarmadır və İmam Həsən əl-Əskəridən olmadığı şübhəsizdir. Əgər bir şəxs bu təfsirdə mövcud olan yalanları, xurafatı və mövhumatı görsə, deyəcək ki, bu necə İmamdır ki, hər şeydən məlumatsız olmuşdur. "əl-Əxbarud-Dəxilə” kitabının – onun müəllifi mütəxəssis alim Hacc Şeyx Mühəmmədtəqi Şuştəridir. – 152-ci səhifəsindən 228-ci səhifəsinə qədər o təfsirin açıq-aydın şəkildə yalan olduğu, cəhalət və avamlıq üzərində qurulduğu, tarixə zidd olan məlumatları göstərilmişdir. Müəllif göstərir ki, əgər bu kitabda yazılanlar doğru qəbul edilərsə, bu surətdə demək lazımdır ki, İslam kökündən yalandır. Müəllif Nəccaşinin ustadı olan və rical elminin böyük şəxsiyyətlərindən hesab olunan Qəzairidən onun belə dediyini nəql etmişdir: "Bu təfsirin ravisi zəif və kəzzab (yalançı)dır. Bu kəzzab həmin təfsiri iki naməlum şəxsdən nəql etmişdir”. Yazır ki, bu təfsirdə çirkin fikirlər vardır. O cümlədən bu təfsirdə qeyd olunur ki, Əbdülməlik tərəfindən İraqeyndə hakim olan Həccac ibn Yusif bir neçə dəfə Muxtarı qətl etmək istəmiş, lakin bunu bacara bilməmişdir. O zaman Əbdülməlikdən məktub gəlmişdir ki, onun başını burax. Halbuki Muxtar İbn Zübeyrin İraqeynə hakim olduğu vaxt hicrətin 67-ci ilində (m. 687) Müsəb ibn Zübeyrin əlilə qətlə yetirilmişdir. Tarixçilərin təsdiqinə əsasən Həccac hicrətin 75-ci ilində (m. 695) əmirlik vəzifəsinə təyin olunmuşdur. Deyir ki, İmam necə olur ki, tarixdən bixəbər olmuşdur? Deməli, sübuta yetirmişdir ki, bu təfsir xurafat və yalan fikirlərlə doludur və İmamın şanı belə bir kitabdan çox böyükdür. Maraqlanan hər bir kəs "əl-Əxbarud-Dəxilə” kitabına müraciət edə bilər. İndi baxaq görək, belə bir kitabda yazılmış rəvayətlə Allahın Kitabının və Rəsulun Sünnəsinin əksinə dəlil gətirmək olar və Allahın yasaq etdiyi təqlidi sübuta yetirmək olar? Əlbəttə ki, xeyr!
Üçüncüsü: Bu xəbər zeylində varid olmuş ayəyə ziddir. Ayədə deyilir ki, təqlidin arxasınca getmə, lakin bu xəbər deyir ki, təqlid et. Ayəyə əməl etsək, bu, saxta bir rəvayətə əməl etməkdən daha xeyirlidir.
Dördüncüsü: Bu xəbər insanlara məchul, bəlkə də, qeyri-mümkün bir iş haqqında göstəriş vermişdir, çünki camaat nəfsinin istəklərinə qarşı çıxan fəqihi haradan və necə tanıya bilər ki? O qədər adamlar vardır ki, riyakarlıq üçün və camaatı aldatmaq üçün zahirdə zahid görünürlər.
Beşincisi: Bu xəbər hansı məqamlarda təqlid edilməsi lazım olduğunu bəyan etməmişdir. Onun (yəni fəqihin) əməllərində ona təqlid edək? Ya dinin işlərində ona təqlid edək? Yaxud ürfi işlərdə ona təqlid edək? Bu xəbər insanı qeyri-müəyyənlik içində buraxmışdır. Məsələn: əgər o, üç arvad alsa, ona təqlid edən şəxs də üç arvad almalıdır? O, əkinçiliklə məşğul olsa, ona təqlid edən şəxs də məhz əkinçiliklə məşğul olmalıdır? Ümumiyyətlə, Allah və Rəsulunun bəyan etdiyi məsələlərdə ona-buna təqlid etməyin yeri yoxdur, peşmançılığın və uzun müddət cəhənnəmdə qalmağın səbəbidir. Bu barədə cəhənnəm əhli "Əhzab” surəsinin 66-cı ayəsində deyirlər: "... Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik! ...”
Altıncısı: "Kifayətul-Üsul” kitabının müəllifi yazır ki, bu xəbər təqlidin vacibliyinə dəlalət etmir və o xəbərdə "vücub” ("vaciblik”) ləfzi mövcud deyildir. Əlavə olaraq təqlidin mənası onun hökmlərini qəbul etmək deyildir, bəlkə, təqlid qeyd olunduğu kimi onun gördüyü işi başqalarının da görməsidir.
3. İmamın Əban ibn Təğlibə: "Məsciddə otur və fitva ver!” xəbəri kimi fitvanın icazəli olmasına dəlalət edən xəbərlər/hədislər. Bu xəbərlə zənnə tabe olmağın haramlığını təxsis etmişlər (xüsusiləşdirmişlər). Onlar deyirlər: "Zənnə tabe olmaq haramdır, lakin bu mövzu istisnadır!” Deməli, məlum olur ki, zənnə tabe olmağın haramlığını hamı qəbul edir. Bu xəbərin cavabı belədir ki:
Əvvəla, Quran və bir çox xəbərlər (hədislər) fitva verməyi yasaq etmişdir. Bu xəbər/hədis Qurana ziddir, rədd və tərk edilməlidir. "Nisa” surəsinin 127-ci ayəsində buyurulur: "Səndən qadınlar barəsində fitva istəyirlər. De ki: "Sizə fitvanı Allah verir. ...”
Həmin surənin 176-cı ayəsində buyurulur: "Səndən fitva istəyirlər. De: "Ata-anası və övladı olmayan şəxsin barəsində Allah sizə belə fitva verir. ...”
Bu ayələrdə bildirilir ki, Allah Rəsulundan fitva istəyirdilər, Allah isə onlara cavab olaraq buyurdu ki, Rəsul yox, Allah fitva verir. Allah Rəsulunun fitva verməyə haqqı olmadığı bir yerdə Əban ibn Təğlib necə fitva verə bilər? İmam Baqir buyurmuşdur: "Kim insanlara öz rəyilə fitva verərsə, Allaha zidd hərəkət etmişdir!” Deməli, bu belə ifadə olunmalıdır ki, İmamın filankəs fitva ver, – deyə buyruq verdiyi hədisdə şayəd dəlilin qeyd edilməsilə onun fitva verməsi nəzərdə tutulmuşdur ki, bu da həmin təlim və təəllümdür.
Hər bir halda bu hədisdə deyilmir ki, camaat din elmini öyrənməsin, fitvanın arxasınca getsinlər və Allahın Kitabını tərk edib "Furqan” surəsinin 30-cu ayəsinin şamil edildiyi şəxslərdən olsunlar. Ayədə buyurulur: "Rəsul da: "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək”.
İkincisi, fitva verməyi ona demişdi. Bu vəzifə ona aid idi, başqalarına heç bir aidiyyatı yoxdur. Əlavə olaraq onu da deyək ki, başqalarına Əbana təqlid etmələri buyruq verilməmişdi. Deməli, belə bir xəbər təqlidin icazəli olmasına dəlil ola bilməz.
4. Təqlidin vacib olmasına dair belə bir əqli dəlil gətirirlər: "Hamının vaxtı olmadığına və ictihad da edə bilmədiyinə görə, təqlid etməyə məcburdurlar, çünki öz dünyalarını təmin etməlidirlər”. Bu dəlil doğru deyildir və onun bir neçə cavabı vardır.
Birinci: Vaxtı olmayan şəxsin təqlid və ictihad etməsi lazım deyil. Ehtiyac hiss etdiyi bir neçə məsələsini Quranı və Sünnəni bilən bir alimdən öyrənməli, yaxud "Əhkamul-Quran” kimi bir kitaba müraciət etməlidir. Qarşıda da bildiriləcəyi kimi bu, ələm bir şəxsə təqlid etməkdən daha asandır.
İkincisi: Dini rəhbərlər deyirlər ki, üsuli-dində və əqidə məsələlərində ictihad etməlisiniz, təqlid icazəli deyil. Vaxtı olmayan və öz dünyəvi işlərini həll etməyə məcbur olan şəxs əqidə məsələlərində necə ictihad edə bilər? Bir halda ki, hər əqidəvi məsələ barəsində müxtəlif fikirlər söylənmişdir və hər bir fikrin də müxtəlif fikri və əqli dəlilləri vardır. Burada onun vaxtı kifayət edir, lakin daha asan olan bəzi fəri məsələlərin öyrənilməsi üçün vaxt kifayət etmir?! Deməli, fəri məsələni də araşdırmaq və öyrənmək vacibdir.
Üçüncüsü: Siz ələm bir müctəhidə təqlid etməyi vacib hesab edirsiniz və ələmi müəyyənləşdirmək mümkün olsa da, bu, hər bir məsələdən daha çətindir. Ehtiyacımız olan bir məsələnin öyrənilməsi ələm müctəhidi müəyyənləşdirməkdən daha asandır, çünki bizim zamanımızda İslam ölkələrində olan on müctəhiddən hər biri ələm olduğunu iddia edir. Hər biri öz risaləsini nəşr etdirib ələm müctəhidə təqlidin vacib olduğuna fitva verir. Məlum olur ki, özünü ələm bildiyinə görə müqəllidləri üçün risalə yazmışdır. İndi deyin görüm, çox vaxt bir hövzədə təhsil almış bu on nəfər müctəhidin özü necə olur ki, onların hansının ələm olduğunu bilmir?
Bunların hamısının ələm olduğunu başqaları müəyyənləşdirməlidir? Bunu özləri bilməmişdirsə, müqəllidləri necə müəyyənləşdirə bilərlər? Deyirlər ki, kim aylıq təqaüdü (şəhriyyəni) çox verərsə, o, ələmdir. Əgər desəniz ki, bu on nəfər ələm müctəhidin kim olduğunu bilirlər, lakin gizlədirlər. Bu halda cavab verərik ki, haqqı gizlədən şəxs ədalətli deyildir və nəticədə ona təqlid etmək haramdır. İctihad etməyə vaxtı olmayan avamın ehtiyac hiss etdiyi məsələni dəlil ilə öyrənməsi onun üçün ələmi tapmaqdan daha asandır. Bir məsələni sənəd vasitəsilə öyrənmək min məsələni təqlid etməklə sənədsiz öyrənməkdən daha yaxşıdır. Allahın hökmünü Kitab və Sünnədən öyrənən belə bir şəxs nə müctəhidin ölümünə mübtəla olur, nə də risalənin dəyişilməsinə, nə rəyin dəyişilməsinə giriftar olur, nə də avara qalır.
Dördüncüsü: Müctəhidin rəyi Allahın hökmü deyildir. Ona görə də onun ölməsilə verdiyi hökmü də aradan gedir. Artıq ona təqlid etmək icazəli deyil. Buna görə də mütəqəddim alimlərin, hətta imamların – Allahın salamı olsun onlara! – təqlid risaləsi olmamışdır. Sədri-İslamdakı xalq nə edirdisə, bu avam da həmin işi görməlidir. Onlar savadsız olmalarına baxmayaraq, hökmü Allahın Kitabı və Rəsulun Sünnəsindən öyrənirdilər. Əlavə olaraq onu da deyək ki, din elmi tibb elmi kimi deyildir ki, bir nəfər həkim bir yer üçün kifayət etmiş olsun, bəlkə, din elmi hamıya vacibdir ki, hər bir kəs özünün ehtiyacı olan məsələləri öyrənməlidir. Allah Rəsulu buyurmuşdur: "Elm öyrənmək hər bir müsəlmana vacibdir!”
"Bu sahədə mütəxəssislərə müraciət etmək lazımdır”, – deyirlər. Cavab budur ki, din elmi hər bir kəs üçün vacibi-eynidir, vacibi-kifai deyildir. Vacibi-kifailərdə mütəxəssisə müraciət etmək lazımdır və əlavə olaraq onu da deyək ki, əlimizdə müctəhidlərin mütəxəssis olmamasına dair çoxlu dəlillər vardır.
Beşincisi: Müctəhidin fitvası zənnidir (yəni zənnə dayanır). Haqq-Taala zənnə tabe olmağı tamamilə yasaq etmişdir. "Ənam” surəsinin 148-ci ayəsində buyurur: "... Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”
Digər bir yerdə buyurmuşdur: "Lakin zülm edənlər nadanlıqla (elmsiz) nəfslərinin istəklərinə uydular. ...”[4] Allah bu ayədə zənni rəylərə tabe olmağı məzəmmət etmişdir. Bir çox ayələrdə elmsiz deyilən sözü haram etmişdir. "Əraf” surəsinin 33-cü ayəsində buyurmuşdur: "De: "Rəbbim ... Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.
Əmirülmöminin Əli əleyhissəlam "Nəhcülbəlağə”nin 17, 18, 85 və 86-cı və digər xütbələrində rəy izhar etməyi və ona tabe olmağı məzəmmət etmişdir. Necə olur ki, onun, bəlkə, Allahın sözünün əksinə olaraq onun ardıcıllarının bir qrupu rəy izhar edir, bir qrupu isə rəyə tabe olurlar. Deməli, avamlar dini Kitab və Sünnədən öyrənməlidirlər ki, bəlkə, dünya və axirət savabına və səadətinə nail ola bilsinlər. Biz "Əhkamul-Quran” ("Quranın hökmləri”) kitabını höccəti tamamlamaq, avamın sərgərdanlığını aradan qaldırmaq və onların dini öyrənməsi üçün yazdıq. Gərək daim o kitaba müraciət olunsun.
Altıncısı: Bir çox müctəhidlər fikirlərini (rəylərini) dəyişirlər. Əgər əvvəlki rəy doğru idisə, deməli, ikinci rəy batildir. Əgər ikinci rəy doğru olarsa, deməli, birinci rəy batil olmuşdur.
Əli əleyhissəlam "Nəhcülbəlağə”nin 176-cı xütbəsində buyurmuşdur: "... Ey Allahın qulları! Möminin ilk illərdə halal saydığnı bu il də halal sayacağını, ilk illərdə haram saydığını bu il də haram sayacağını bilin. ... Halal Allahın halal etdiyi, haram da Allahın haram etdiyi şeydir! ... ” Allah Rəsulu buyurmuşdur: "Mühəmmədin halalı qiyamət gününə qədər halal, onun haram etdiyi isə qiyamət gününə qədər haramdır!” Yəni qiyamətə qədər dəyişməz. Bir şeyi gah halal, gah da haram hesab edən şəxsə təqlid etmək olar? Allahın Kitabına təqlid etmək daha yaxşı deyildir? Bəşəri fikirlərin dəyişilməsindən və risalələrin əvəz olunmasından can qurtarmaq pis işdir məgər? Allah "Qəmər” surəsinin 27-ci ayəsində buyurur: "And olsun ki, Biz Quranı ... belə asanlaşdırdıq. ...” Allahın risaləsi asan deyildir? Bir qrup xristian keşişlərinin yükündən yoruldular və dedilər ki, Biz Allahı və İsanı qəbul edirik, amma keşişlərin istismar sistemindən təngə gəlmişik. Görəsən, müsəlmanların da oyanması mümkündür? İslami məsələlərin çoxu zəruri və bədihi (açıq-aşkar, məlum) məsələlərdir. Onlar barəsində müsəlmanlar arasında icma və ittifaq var. Ümumiyyətlə, ictihada və təqlidə ehtiyac yoxdur. Bu ictihad iddiaçılarının hamısı əvvəlki fəqihlərin müqəllidləridirlər, əməl məqamında avamların təqlid etdikləri şəxslərdir və avam insanların istəyinə uyğun fitva verirlər. Yəni cahil insanlar nəyə meyil edirsə, bu savadsız nadanları hürkütməmək üçün onlar avamların razılığına uyğun olaraq fitva verirlər. Buna görə də həqiqəti gizlədirlər və "Bəqərə” surəsinin 159-cu ayəsinin aid olduğu şəxslərdən olurlar. Ayədə buyurulur: "Nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti Kitabda insanlara bəyan etdiyimizdən sonra gizlədənlərə həm Allah, həm də bütün lənət edənlər lənət edər!”
Yeddincisi: Onlar Qurandan bəzi ayələri dəlil gətirmişlər ki, həmin ayələr təqlid əhlini rədd edir. Onlardan biri belədir: "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[5]
Ayənin məfhumu[6] budur ki, bilmədiyinizi soruşun, daim öyrənin. Deməli, bu ayə təqlidin yox, öyrənməyin vacib olmasının dəlilidir. Məgər ki, təqlidi məcazi olaraq təəllüm (öyrənmək) mənasında başa düşək. Lakin lüğətdə belə bir məcaz göstərilməmişdir. "Kifayətul-Üsul” kitabının müəllifi yazır ki, bu ayənin zahiri təqlidə yox, təəllümə dəlalət edir. Deməli, bu ayə təqlidə qail olanların fikrini rədd edir.
Digər ayədə isə buyurulur:
"Nə üçün hər tayfadan bir dəstə dində kamil bəsirət (fiqh və dərin düşüncə) əldə etmək və qayıtdıqdan sonra öz qövmünü qorxutmaq üçün köç etmir? Ola bilsin ki, onlar (yaramaz əməllərdən) çəkinsinlər!”[7]
Bu ayə açıq-aşkar şəkildə təfəqqüh (dərin düşüncə sahibi olmaq) və təəllüm (öyrənmə) haqqında danışır, təqlid haqqında yox. Ayədə deyilmir ki, onların qövmü yalnız onlara təqlid etsinlər. Deməli, bu ayə də təqlid əhlinin fikrini rədd edir. Təqlidin vacib olmasını sübuta yetirmək üçün bu cür ayələri necə dəlil-sübut göstərmiş və başqa bir sənəd də qeyd etməmişlər?
Deməli, qəti şəkildə sübuta yetir ki, təqlidin heç bir sübutu yoxdur. Allah eləsin belə insanlar həsəd və təkəbbürlülüyü bir tərəfə qoyub bizim sözümüzə qulaq assınlar və oyansınlar. Allahın Kitabını və səhih hədislər vasitəsilə Rəsulun Sünnəsini öyrənməklə dinin həqiqətlərindən agah olsunlar, dini xurafatları özlərindən uzaqlaşdırsınlar və təqlidin zərərindın kənarlaşsınlar. ...
Hiç yorum yok:
Yorum Gönder